
BAKI, 10 mart. TELEQRAF
ABŞ hakimiyyəti bütün dünyaya elan etdiyi ticarət müharibəsi ilə öz iqtisadiyyatına ciddi zərər vurub.
Teleqraf "Tass"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinq zamanı bəyanat verib.
Onun sözlərinə görə, Çin və ABŞ arasındakı ticarət-iqtisadi əməkdaşlığın əsası qarşılıqlı faydaya və sərfəli tərəfdaşlığa əsaslanmalıdır. Lakin Vaşinqtonun illərdir apardığı ticarət müharibəsi nəticəsində ABŞ-nin ticarət balansındakı kəsir azalmayıb, əksinə, artaraq 2023-cü ildə 918,4 milyard dollara çatıb.
Mao Nin ABŞ-nin ticarət-iqtisadi məsələləri siyasiləşdirdiyini və bu vasitədən Çinə təzyiq göstərmək üçün istifadə etdiyini bildirib. O qeyd edib ki, Vaşinqtonun tətbiq etdiyi tariflər və ticarət müharibələri ilk növbədə digər ölkələrə zərər vurmaq məqsədi daşıyır, lakin sonda bu siyasət ABŞ-nin öz iqtisadiyyatına ciddi mənfi təsir göstərir.
“Sonda bu müharibələr ABŞ-nin özünə zərər vurur. Vaşinqton bundan dərs çıxarmalı və siyasətini dəyişməlidir”, – deyə Çin XİN-in sözçüsü vurğulayıb.