BAKI, 10 mart. TELEQRAF

Azərbaycanda qoz bağlarının dövlət dəstəyi ilə 50% güzəştlə sığortalanmasına başlanılıb.

"Aqrar Sığorta Fondu"ndan Teleqraf-a verilən məlumata əsasən, sığorta çərçivəsində bağlar dolu, fırtına, qasırğa, sel-subasma, vəhşi heyvan hücumu və digər risklərə qarşı qorunacaq.

2024-cü ilin rəsmi məlumatlarına əsasən, ölkədə qoz bağlarının ümumi əkin sahəsi 7000 hektara çatıb. Ən böyük pay Şəki-Zaqatala iqtisadi rayonuna məxsusdur – burada 3000 hektar qoz bağı mövcuddur. Quba-Xaçmaz regionunda 1335 hektar, Dağlıq Şirvan iqtisadi rayonunda isə 776 hektar qoz bağı əkilib. Ölkədə qoz bağlarına maraq artmaqda davam edir və təkcə son bir ildə bağların sahəsi 210 hektar genişlənib.

2024-cü ildə baş vermiş fəlakətlər nəticəsində Şəki-Zaqatala regionunda qoz bağlarına dəymiş zərərlə bağlı fermerlərə 20 161 manat sığorta ödənişi edilib. Ödənişlər əsasən fırtına, qasırğa və sel-subasma hadisələri ilə əlaqədar olub.

Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi vəsaitlə bağlarını sığorta edirlər. Quba-Xaçmaz regionunda 1000 manatlıq qoz məhsulu üçün sığorta haqqı cəmi 10 manat, Şəki-Zaqatalada 19 manat, Dağlıq Şirvanda isə 17 manatdır. Bundan əlavə, fermerlər təkcə məhsulu deyil, ağacları və tingləri də sığorta etdirirlər.