BAKI, 6 mart. TELEQRAF

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş vermiş məlum qalmaqala aid yeni epizodlar üzə çıxır. Əslində, diplomatiya tarixində bu səviyyədə rüsvayçı görüş olmamışdı. ABŞ-dən dəstək alan, bölgədə onun siyasətini həyata keçirən Ukrayna liderinin Oval sarayda belə bir vəziyyətə düşməsi təəcüblü idi.

Bu sözləri Teleqraf-a “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Oval saraydakı məlum qalmaqalı şərh edərkən deyib.

“Bu Tramp və Vens tərəfindən Zelenskiyə qarşı olan hiddət və qəzəbin nəticəsi idi. Vens Ukrayna prezidenti və Avropa liderlərinə qarşı qəzəblidir. O hətta senatda Rusiya əleyhinə olan qərarlara qarşı çıxırdı. İndi isə özünü sanki Rusiya Prezidenti Vladimir Putin kimi aparır. Belə davranışlar ABŞ-nin mövqeyinə zərbədir. Zelenskiyə, Ukraynaya münasibətdən asılı olmayaraq Amerikanın növbəti dəfə partnyorunu meydanda tək qoyması yaxşı əlamət deyil”, - o qeyd edib.

Politoloq Zelenskinin Ağ Evdə bir neçə dəfə təhlükəsizlik zəmanəti kimi ifadələrdən istifadə etməsinə diqqət çəkib: “ABŞ ilə Ukrayna arasında razılaşma imzalansa, bu, birbaşa təhlükəsizlik zəmanəti olardı. Amerika Ukraynada mineral yataqlarda həyata keçirəcəyi işlər fonunda ərazidə sabitliyin olmasına çalışacaqdı. Ola bilsin ki, Zelenski Oval sarayda ABŞ ilə həmin sazişi imzalamaqda maraqlı olmayıb”.

“Ukrayna ciddi böhranla üz-üzədir. Avropa ölkələri, Britaniya Kiyevə hərbi kontingent göndərməyəcəksə və ABŞ ilə həmrəylik olmayacaqsa, ölkənin vəziyyəti çətinləşəcək. Hətta qərb rayonlarına da təhlükə yarana bilər. Sözsüz ki, Trampla Zelenski arasında olanlar Amerika ətrafında dövlətlərin sayının azalması, Avropanın Rusiya ilə yaxınlaşmasına səbəb olacaq. Bu, MDB məkanında olan dövlətlərin Rusiya ilə bağlı yeni qərarlar qəbul etməsi ilə nəticələnəcək”, - Zaur Məmmədov bildirib.

Qeyd edək ki, fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında diplomatik qalmaqala səbəb olan mübahisə baş verib. Nəticədə, Zelenski ABŞ səfərini yarımçıq qoyaraq Londona gedib.