
BAKI, 10 mart. TELEQRAF
Bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzi, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzləri yaradılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Məlumata görə, son illər sosial xidmətlər sistemində da islahatların aparıldığını qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası sahəsində aparılan ardıcıl işləri qeyd edib.
Ötən il Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində 3356 nəfərə xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 15,8 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu qeyd edilib. Həmçinin son bir ildə Agentlik tərəfindən 4,5 mindən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, daha 271 repatriantla sosial reabilitasiya işi aparılıb.
Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyi, bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzlərinin yaradılacağı qeyd edilib. Qurulmaqda olan “Sosial işin idarə edilməsi” elektron sisteminin bu il istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib.