BAKI, 13 fevral. TELEQRAF

Son zamanların ən rezonans doğuran hadisəsi Azərbaycanda “Rus Evi”nin bağlanması oldu.

Teleqraf xəbər verir ki, bunu rusiyalı analitik Kristina Yermak Ermənistan mətbuatına deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdəki gərginlik təyyarə faciəsinin araşdırılmasından sonra yeni mərhələyə keçib:

“Azərbaycanda təsdiqləyirlər ki, “Rus Evi” heç bir konkret hüquqi qeydiyyat olmadan fəaliyyət göstərib. Təyyarə ilə bağlı vəziyyət də münasibətlərin ümumi kontekstinə təsir göstərir. Faciənin araşdırılmasına gəlincə, bu, aidiyyəti qurumların səlahiyyətində olan məsələdir. Məncə, bu məsələnin həlli münasibətlərin normallaşmasına töhfə verəcək”.

Yermak ikitərəfli əlaqələrin normallaşacağını proqnozlaşdırır:

“Ortada qarşılıqlı maraq doğuran məsələlər, iqtisadi layihələr var. Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və bura daxil olan Rəşt-Astara dəmir yolunun tikintisi məsələsi. Heç kim bunlardan imtina etmək fikrində deyil. Yəni həm Moskva, həm də Bakı bütün qarşılıqlı fəaliyyət spektrinin vacibliyini anlayır”.

Analitik vurğulayıb ki, “Rus Evi” ilə bağlı baş verənlər həm də Azərbaycanın müstəqil oyunçu olduğunu göstərdi:

“Moskva üçün Bakıda “Rus Evi”nin bağlanması həm də həyəcan siqnalı oldu. Yəni Azərbaycanın öz mövqeyi, region və dünyada öz rolu olduğu ilə bağlı fikirlər getdikcə hiss olunur. Başqa sözlə, Azərbaycan təkcə Rusiya ilə ikitərəfli münasibətlərdə yox, həm də region və dünyada öz mövqeyi ilə aparıcı, suveren, səsi vacib olan və bütün məsələlərdə mövqeyi mütləq nəzərə alınmalı olan ölkə kimi rolunu daha qabarıq şəkildə möhkəmləndirməyə yönəlib”.

Yermak mövcud gərginliyin genişlənməyəcəyini düşünür:

“Hazırda bu məsələ ilə bağlı dəqiq nəticə çıxarmaq mümkün deyil, çünki rəsmilərin açıqlamalarına görə, hazırda Moskva və Bakı öz mövqelərini əlaqələndirirlər. Yəni mövcud anlaşılmazlıqları aradan qaldırmaq üçün tədbirlər mövcuddur. Məncə, bu, həll olunanda münasibətlər gərginlikdən əvvəlki səviyyəyə qayıdacaq”.