![](https://teleqraf.az/storage/2025/02/11/715x378/381c1402-e2ed-3788-baa9-5a7f42ca4796_850.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ermənistan parlamentinin spikeri Alen Simonyanla ləğv edilmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan arasında gərginlik yaşanır.
Teleqraf xəbər verir ki, spiker son açıqlamasına görə ondan üzr tələb edən separatçıya cavab verib.
“Qoy o desin ki, Qarabağdan cangüdənləri ilə necə çıxa bilib, digər “həmkarları” isə çıxa bilməyib. Bura (İrəvana) necə, hansı yolla gəlib? Həmçinin mənə sualı varsa, parlamentin məktublar şöbəsi var, mənimlə oradan əlaqə saxlaya bilər. Mən o məktuba mütləq cavab verəcəm. Başqa şərhə ehtiyac yoxdur”, - Simonyan bildirib.
Spiker Qarabağdan Ermənistana qaçan keçmiş separatçı rejimin bəzi “rəhbər şəxslər”inin burada özlərinə biznes qurduqlarını, mənzillər aldıqlarını açıqlayıb.
Simonyan Ermənistandan bir neçə dəfə üstün olan Azərbaycan ordusuna qarşı döyüşmək şansının olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Şans yox idisə, bəs bu 30 il ərzində nə işlə məşğul idik? Azərbaycan həmişə bizdən böyük olub”.
Xatırladaq ki, dünən Alen Simonyan separatçıların döyüşmədən Qarabağdan qaçdıqlarını söyləmişdi: “Ermənistanın orada qoyduğu və verdiyi silahlarla sona qədər dayanmaq və döyüşmək mümkün idisə, niyə qaçdınız? Döyüşə bilərdiniz”.
Parlament sədrinin bu açıqlamasından sonra Samvel Şahramanyan ondan üzr tələb edib.