BAKI, 13 fevral. TELEQRAF

“Ermənistan ərazisində olan Avropa İttifaqının mülki “missiyası”nın Azərbaycanla şərti sərhəddə təxribat xarakterli hərəkətləri davamlı hal alıb. Məqsəd şərti sərhəddə gərginlik yaratmaqdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmirlər”.

Bu sözləri Teleqraf-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

General bildirib ki, onların Azərbaycana təsir etmək niyyətləri var:

“Ermənistan silahlı qüvvələri Avropanın bir neçə dövləti tərəfindən silahlandırılır. Həmçinin Fransa, Hindistan tərəfindən Ermənistana silahlar göndərilir. Görünür, erməni tərəfi əllərində silahlar çoxalandan sonra Azərbaycan ərazisinə daxil ola biləcəklərini düşünür. Sözsüz ki, Azərbaycan Ordusu bütün təxribatlara cavab verməyə qadirdir. Eyni zamanda Azərbaycan Ordusu da yeni silah-sursatla təmin edilir. Ona görə də qarşı tərəf hansısa addım atarkən diqqətli olmalıdır”.

Yaşar Aydəmirov guya "Azərbaycan Ermənistana hücuma hazırlaşır" iddiasına münasibət bildirib:

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi bəyanatı var. Ona görə də Ermənistanın Baş naziri Nikol Paşinyan başda olmaqla, onun komandası yalan danışmaqla məşğuldur. Ermənistan sərbəst qərar qəbul edən ölkə olmadığına görə prosesləri başqa istiqamətlərə yönəldir”.

“Sülhlə bağlı müsbət fikir səslənən kimi Fransa başda olmaqla, Qərbdən müəyyən dairələr Ermənistana irad tutur. Ona görə də həmin dairələrə xoş gəlmək üçün təxribat xarakterli açıqlamalar verirlər. Əslində, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvan üçün ən optimal yoldur”, - Yaşar Aydəmirov bildirib.

Qeyd edək ki, fevralın 12-si günorta saatlarında Avropa İttifaqının monitorinq “missiyası”nın nümayəndələri Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xanazax istiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədəd UAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi ilə gəlib. Avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və Azərbaycan Ordusunun bölmələri istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.