TBİLİSİ, 12 fevral. TELEQRAF

“Gürcüstandan Azərbaycana, Azərbaycandan isə Gürcüstana mümkün qədər çox insanın səyahət etməsi xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətlərinin daha da dərinləşdirilməsi üçün çox vacibdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpa olunacağı haqqında yayılmış məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpası iki ölkə arasında hərəkətliliyin artmasına və insanlar arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından vacibdir.

İ.Kobaxidze bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini qeyd edib.

“Azərbaycana səfərim zamanı biz bu məsələni prezident Əliyevlə müzakirə etdik və ölkəmizə göstərdiyi diqqətə görə şəxsən ona təşəkkür etmək istərdim. Təbii ki, ölkələrimiz arasında, dost ölkələr arasında, Gürcüstanla Azərbaycan arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət kəsb edir, çünki bu, həm Gürcüstan, həm də Azərbaycan üçün faydalıdır”, - o söyləyib.