![](https://teleqraf.az/storage/2025/02/12/715x378/1738933060_0001.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Azərbaycanda “Rusiya şəbəkəsi"nin, rus agentlərinin olması ilə bağlı fikirlər səsləndirəndə, bizi müxtəlif platformalarda topa tuturdular. Amma nəticə ortadadır. Hələ çox şeylərin üstü açılacaq. İki əsrdən artıq bölgədə müstəmləkə siyasəti həyata keçirmiş Rusiya özünün agentura şəbəkəsini formalaşdırıb. Bu şəbəkə hələlik bir nəsil kimi sıradan çıxmayıb.
Bu sözləri Teleqraf-a açıqlamasında Rusiyanın Azərbaycanda mövcud olmuş agentura şəbəkəsi ilə bağlı məsələyə münasibət bildirən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Partiya sədri bildirib ki, bu günlərdə mediada adları açıqlanan sabiq məmurlar işin müəyyən epizodlarıdır:
“Araşdırmada daha çox şəxsin Rusiyaya casusluq etdiyi üzə çıxacaq. Sözsüz ki, Azərbaycanın hüquq-mühafizə orqanları belə agentura şəbəkəsi haqqında səhih məlumatlara sahibdir. Onlar üzərində ciddi nəzarət mexanizmlərinin olması haqqında heç bir şübhə də yoxdur”.
Sabiq deputat vurğulayıb ki, hazırda Azərbaycanla münasibətlərin gərginləşməsində günahkar tərəf Rusiyadır:
“Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Rusiyanın hava məkanında vurulub. Bu məsələdə Rusiya birbaşa məsuliyyət daşıyır. Amma görünən odur ki, rəsmi Moskva günahı boynundan atmaq üçün müxtəlif manevrlər etməyə çalışır. Prezident İlham Əliyev tərəfindən məsələ diqqətdə saxlanılır. Azərbaycanın mülki təyyarəsinin hansı koordinatda, kimlər tərəfindən raketlə vurulduğu etiraf olunmalıdır. Bunun üçün Azərbayan xalqından və dövlətindən rəsmi şəkildə, açıq formada üzr istənilməldir. Günahkarlar məsuliyyətə cəlb edilməli, AZAL-a, həlak olan və yaralanan şəxslərə Rusiya tərəfindən kompensasiya ödənməlidir”.
“Rusiya Azərbaycanın mülki təyyarəsini vurması ilə bağlı beynəlxalq hüquqa əsaslanan tələblərini icra etməlidir. Eyni zamanda Kreml Azərbaycana qarşı təbliğat aparan ruporlarına “dayan komandası” verməlidir. Rusiya Dövlət Dumasının hansısa deputatının Bakıya qarşı hədyanlarına son qoyulmalıdır. Əks halda münasibətlərin normal məcraya düşməsi mümkün olamayacaq”, - Fəzail Ağamalı vurğulayıb.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Hadisə zamanı Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Qeyd edək ki, fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayılıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.