BAKI, 12 fevral. TELEQRAF

“Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə regionda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirib. O, fevralın 10-da “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində faktları və həqiqətləri təhrif etməklə bu mövqeyini ortaya qoyub. Paşinyan, məqalədə regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib”.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır. Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Məqaləsində Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə və 2022-ci il Praqa razılaşmasına istinad edir. Lakin məhz 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalanmasından sonra Ermənistan Azərbaycana qarşı genişmiqyaslı işğalçı siyasət həyata keçirib. Təkcə bu fakt rəsmi İrəvanın bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qeyri-səmimi olduğunu təsdiqləyir. Əgər Ermənistan həqiqətən səmimidirsə, o zaman konstitusiyasında və digər qanunlarda ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmalıdır. Əks halda, kimlərinsə dediyi sözün hər hansı hüquqi qüvvəsi yoxdur. Əks halda, belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir.

Deputatın sözlərinə görə, digər bir narahatedici məqam rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Fransa Ermənistana silah tədarük edir: “Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Məqaləsində ölkəsinin silahlandırılmasına haqq qazandırmağa çalışan baş nazir iddia edib ki, guya Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Ancaq yaxın tarix sübut edir ki, Ermənistan silahlanma prosesindən məhz Azərbaycan torpaqlarını işğal etmək üçün istifadə edib. Ona görə də, gələcəkdə də silahlanmadan bu məqsəd üçün istifadə etməyəcəyinə heç bir təminat yoxdur.

“Digər tərəfdən, nə qədər absurd olsa da, Paşinyan Ermənistanın təhlükəsizliyinə təhdidlərin Azərbaycanda formalaşdığını deyib. O iddia edib ki, Praqada əldə olunan razılaşmaların əksinə olaraq, Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verilir. Buna “nümunə” olaraq “Qərbi Azərbaycan” mövzusunu göstərir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi və Qərbi Azərbaycan İcması Paşinyanın əsassız iddialarına münasibət bildirib. Əlbəttə ki, Paşinyanın bu iddiaları da reallıqdan tamamilə uzaqdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz, ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən icmanın bəyan olunmuş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini göstərir. Bir sözlə, Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Müxtəlif bəhanələr və ynalış yanaşmalar, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri İrəvana heç bir fayda verməyəcək”,- Sevinc Fətəliyeva belə söyləyib.