BAKI, 11 fevral. TELEQRAF
Türkiyə müxtəlif tənzimləyici çərçivələr və hüquqi rejimlərə malik Avropa, Asiya və Yaxın Şərq ölkələri ilə birbaşa təmasda olan bir ölkədir. Bu vəziyyət transsərhəd daşımalarında bir çox dəyişikliklərə səbəb olur.
Teleqraf xəbər verir ki, bunu Türkiyə nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.
Nazir sərhəd-keçid məntəqələrində gömrük prosedurlarının uzun müddət davam etməsi, infrastruktur və ölkədən ölkəyə daşımalarda rəqəmsallaşma səviyyələrindəki fərqlərin fasiləsiz daşımaları çətinləşdirən əsas amillər olduğunu vurğulayıb:
“Bu çətinliklərin öhdəsindən gəlmək üçün əsas məqsədimiz nəqliyyatın fasiləsizliyini təmin etmək və sərhəd keçidlərini daha səmərəli etmək üçün avtomobil və dəmir yolu əlaqələrini gücləndirməkdir”.
Uraloğlu bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, İstanbuldan Bolqarıstan sərhədinə qədər ikixətli sürətli dəmir yolu layihəsi, Bəsrə körfəzindən Avropaya uzanan “İnkişaf Yolu” xətti, Qars-Naxçıvan (Azərbaycan) dəmir yolu və Zəngəzur dəhlizi bu məqsədlə həyata keçirilən strateji investisiyalardır.
Nazir əlavə edib ki, Türkiyə qonşu ölkələrlə nəqliyyat və ticarətin asanlaşdırılması anlaşmaları ilə sərhəd keçidlərində uyğunlaşma təmin etməyi hədəfləyir:
“Türkiyə olaraq bu mexanizmləri gücləndirmək üçün həm ikitərəfli, həm də regional səviyyədə daha sıx əməkdaşlığa üstünlük veririk. İnanırıq ki, nəqliyyat əlaqələri təkcə qonşularımızla səmərəli ticarəti təmin etmir, həm də ölkəmizin müxtəlif regionları arasında balanslaşdırılmış inkişafı dəstəkləyir. Regional kommunikasiyalar az inkişaf etmiş regionları iqtisadi fəaliyyətə inteqrasiya etməyə imkan verə və onları inkişafın bir hissəsinə çevirə bilər. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Qars logistika mərkəzi kritik nümunədir”.