
BAKI, 11 fevral. TELEQRAF
Bakıdakı “Rus Evi”nin üzərində rus dilində yazılmış lövhə götürülüb.
Teleqraf xəbər verir ki, fevralın 11-də səhər saatlarında əraziyə gələn fəhlələr lövhəni söküblər. Ancaq Azərbaycan dilində olan lövhə saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Qeyd edək ki, mərkəzin sosial media ünvanlarında yayılan məlumatda son günlər internet resurslarında “Rus Evi”nin qanunsuz olaraq mənimsənilmiş rəmzləri ilə yalan məlumatlar və saxta sənədlərin yayılmasına münasibət bildirilib. Bu cür sənədlər arasında Bakıda “Rus Evi”ndə rus dili kursu keçdiyi deyilən şəxslərin, o cümlədən Azərbaycanın dövlət məmurlarının adları da qeyd olunur: "Bu “sənədlər” reallığı əks etdirmir.
Qeyd olunub ki, mərkəzin rəsmi resurslarından kənar yayılan hər hansı məlumat saxtadır və cinayət məsuliyyəti yaradır".
Mərkəz, həmçinin təşkilatla bağlı saxta sənədlərin yayılmasının və loqolarından istifadənin dərhal dayandırılmasını tələb edib: “Simvollardan qanunsuz istifadə, sənədlərin saxtalaşdırılması və yalan məlumatların yayılması məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb olur”.