![](https://teleqraf.az/storage/2024/12/26/715x378/azal-teyyare-qezasi1.jpg)
Bakı, 11 fevral. TELEQRAF
“Rusiya tərəfindən media müstəvisindən başqa, fərqli rakurslarda Azərbaycana qarşı əsassız iddialar səslənir. Məqsədləri Bakıya təzyiq etməkdir. Düşünürlər ki, Rusiyada 5-10 nəfər ağzına gələni danışmaqla, Azərbaycana təzyiq edə biləcək. Bu gülünc yanaşmadır. Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev kimi adamların sərsəm çıxışları məntiqdən uzaqdır”.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
Deputat söyləyib ki, "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin ötən ilin dekabrın 25-də Rusiyanın hava məkanında vurulmasından sonra rəsmi Moskva məsuliyyəti üzərindən atmağa çalışır. Bunun üçün müxtəlif absurd versiyalar və iddialar ortaya atılır ki, diqqəti mümkün qədər başqa istiqamətə yönəltmək mümkün olsun.
R.Musabəyov hesab edir ki, bu gün Rusiya-Azərbaycan münasibətlərini süni şəkildə gərginləşdirmək istəyən qüvvələr az deyil:
“Azərbaycan Rusiyanın təyyarə qəzasına görə məsuliyyətdən boyun qaçırmasını qəbul etmir. İndi seçim Rusiyanındır. Sərnişin təyyarəsini Rusiya vurub. Bir səhvdir ediblər, boyunlarına almalıdırlar. Bu xırda məsələ deyil. İstintaq getməlidir, günahkarlar cəzalanmalıdır. 40-a yaxın adam həlak olub. Buna adi yanaşmaq olmaz”.
O əlavə edib ki, Rusiyanın bu istiqamətdə inadkar davranışı Azərbaycanla münasibətlərə mənfi təsir edəcək:
“Bu qaçılmazdır. Həmin mövqe də Moskvaya çatdırılıb. Onların cavab vermək əvəzinə Azərbaycana qarşı təbliğat aparmağı məntiqsizdir. Sözsüz ki, Azərbaycan tərəfi də buna laqeyd yanaşa bilməz. Yanlış münasibətə adekvat cavab veriləcək”.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Hadisə zamanı Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.