![](https://teleqraf.az/storage/2025/02/11/715x378/thumbs_b_c_5d062e2fee3f4fcf6356129fa0e462ce.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Türkiyə və İran iki qonşu, dövlət və xalqdır. Dostluğu və yaxşı münasibətləri qoruyub saxlamaq hər iki ölkənin marağındadır. Digər yandan, əsrlərə gedib çıxan bir rəqabət var. Rəqabət yaxşıdır, amma diqqət edilməli olan incə xətt budur: milli təhlükəsizliyə təhdid düşmənçilik yaradır.
Teleqraf xəbər verir ki, bu sözləri türkiyəli analitik Yəhya Bostan “Yeni Şafak”da dərc olunan təhlilində yazıb.
“İran iki mühüm məsələdə tarixin yanlış tərəfində dayandı. Birincisi, Qarabağda müsəlman xalqın (azərbaycanlıların) torpaqlarının qəsb edilməsinə hərbi, iqtisadi və siyasi baxımdan dəstək verdi. İkinci, Suriyada bu torpaqlara yad olan qəddar ideologiyadan (Bəəs) qidalanan Əsədi strateji müttəfiqi seçdi. ABŞ-nin İraqa müdaxiləsi İrana İraq-Suriya-Livan xətti boyunca “müqavimət oxu” yaratmaq imkanı verdi. Suriyadakı Bəəs ideologiyasının “müqavimət oxunun təməl daşı”na çevrilməsi ironik idi. Amma bu həm də real siyasətdir”, - ekspert bildirib.
Yəhya Bostan qeyd edib ki, İran indiyədək yürütdüyü yanlış siyasətin ağır nəticələrindən dərs almaq istəmir:
“Azərbaycanın Qarabağ qələbəsi İranın mövqelərini itirməsinə səbəb oldu. 2023-cü il oktyabrın 7-dən (HƏMAS-İsrail savaşının başlamasından) sonra baş verən regional dəyişiklik İranın təsirini zəiflətdi. Əsədin devrilməsi İranın on illərdir qurmağa çalışdığı müqavimət oxunu məhv etdi. Bu proses İranın mövqeyini dəyişməsi və regional sabitliyi dəstəkləməsi üçün bir fürsət idi. Ancaq görünən odur ki, Tehranda bu fürsətdən istifadə edilməyəcək”.
Analitikin sözlərinə görə, İran Suriyadakı mövcud vəziyyətin dəyişməsini istəyir, bu məqsədlə PKK terror təşkilatını da bu səylərinə cəlb edib.