![](https://teleqraf.az/storage/2025/02/11/715x378/17392849853699538645_1200x630.jpg)
BAKI, 11 fevral. TELQRAF
Dövlətimizin başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Teleqraf-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fevralın 11-də Xankəndi şəhərində keçirilən növbəti iclasında məlumat verilib.
Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.