BAKI, 11 fevral. TELEQRAF

Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fevralın 11-də Xankəndi şəhərində keçirilən növbəti iclasında məlumat verilib.

Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.

Səfər çərçivəsində Xankəndi və Şuşa şəhərləri ərazilərində bir sıra obyektlərə baxış keçirilib.