Erməni təxribatı təsadüfdən baş vermədi. Burada bütün ssenarini yazan Rusiyadır. Amerika da bunu yaxşı bilir. İndiki şəraitdə Vaşinqton Rusiyanın Qafqaz siyasətini sona çatdırmaq üçün daha çox canfəşanlıq edir. Əslində son 300 ildə, yəni 1723-cü ildən üzü bəri Azərbaycanın başına gətirilən bəlaların başında Rusiya durur.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, məhz Qarabağ məsələsinin indiyə qədər həll olunmamasının səbəbi də keçmiş ATƏT-in Minsk Qrupunun üç həmsədri ilə bağlı olub:
“Üç həmsədr “ördək-balıq-xərçəng” kimi hərəsi məsələni bir tərəfə çəkib. Burada sadəcə xristian həmrəyliyi var. Ona görə də, uzun müddət Qarabağ münaqişəsini dondurdular. Çünki hər üçünün marağı Qafqaza sahiblkənmək idi. Belə olduğu halda, maraqların toqquşması fonunda Azərbaycanla bağlı məsələlər, problemlər həll olunmur. Azərbaycan düyünləşmiş məsələni 44 günə həll etdi deyə, dayanmadan təxribatlara əl atırlar”.
Politoloq hesab edir ki, indiki şəraitdə Avropa və ABŞ Azərbaycanı Rusiya ilə üz-üzə qoymağa çalışır:
“Burada Rusiyaya qarşı ikinci bir cəbhə açmaq niyyətləri var. Sözsüz ki, bu, Azərbaycana sərf edən hal deyil. Eyni zamanda Rusiya və İran da çalışır ki, Azərbaycanla Naxçıvanın əlaqəsi olmasın. Məqsədləri Qafqaza başqasını buraxmamaqdır. Fakt odur ki, Ermənistan burada oyuncaq rolundadır. Bu ölkədə ABŞ-ın, İranın və Fransanın maraqları toqquşur. Reallıq odur ki, indi İran-Rusiya tandeminə qarşı Fransa-Avropa İttifaqı var. ABŞ öz hegemonluğuna arxalanıb təkbaşına mövqe tutmaq istəyir. Belə olan halda Ermənistan tərəfindən təxribatların baş verməsinə şərait yaradılır”.
Cümşüd Nuriyevə görə, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını ABŞ nə qədər istəyirsə, Rusiya və İran da bir o qədər istəmir:
“Laçında atəş açılan zaman rus əsgərinə güllə dəymədi. Rus sülhməramlıları isə atəş açılan nöqtəyə cavab vermədilər. Zəngilan istiqamətində Ermənistan sərhədini Rusiya qoruduğu halda oradan da ermənilər təxribat törədir. Görkəmli dramatuq Cəfər Cabbarlının pyesində deyildiyi kimi, “atan yenə kazaklardır”.
Bütün bunların fonunda Azərbaycan ölçülü-biçili hərəkət edir. Azərbaycan bu xətdən kənara çıxsa, üçüncü dünya müharibəsinin məhz buradan başlamasına səbəb yaranar. Ona görə də, ölkəmiz bu məsuliyyəti dərk edərək milli maraqlara xidmət edən siyasət aparır”.