BİLƏSUVAR, 13 oktyabr. TELEQRAF

Cəbrayıl rayonundan olan Elməddin Şahverdiyev müxtəlif növ avtomobillərin ehtiyat hissələrindən kənd təsərrüfatı təyinatlı maraqlı texnika hazırlayıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hazırda Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın şəhərciyində yaşayan Elməddin Şahverdiyev yeni texnikanı həm keçmiş sovet istehsalı, həm də Avropa avtomobillərinin ehtiyat hissələrindən yığıb.

Onun sözlərinə görə, 13 at gücünə malik texnika əsasən təsərrüfat işlərində istifadə üçün nəzərdə tutulub. Avtomobilə xüsusi qoşqu birləşdirməklə müxtəlif kənd təsərrüfatı işlərini yerinə yetirmək mümkündür.

Elməddin Şahverdiyev bildirir ki, Avropa ölkələrində bu tip nəqliyyat vasitələrindən kənd təsərrüfatında daha geniş istifadə olunur. Bəzi ölkələrdə belə texnikaların istifadəsi üçün sürücülük vəsiqəsi və xüsusi dövlət qeydiyyat nişanı tələb olunmur.

Sakin hazırladığı texnikanın gələcəkdə öz yaradıcılıq məhsulu kimi tanınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etməyi də planlaşdırır.

Qeyd edək ki, Elməddin Şahverdiyev bir neçə il əvvəl də buna bənzər texnika hazırlayıb. Hazırkı model isə əvvəlki ilə müqayisədə daha təkmilləşdirilmiş formadadır. Dörd pilləli sürətlər qutusu ilə təchiz olunan avtomobildə idarəetmə sistemi sol tərəfdə yerləşir.