BAKI, 13 oktyabr. TELEQRAF
Türkiyə şirkətlərinin və xidmət təminatçılarının yalnız Bakı ilə kifayətlənməməsi, Azərbaycanın digər rayon və bölgələrində də araşdırmalar aparması vacibdir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Bakıdakı səfirliyinin baş kommersiya müşaviri Gülizar Yavaş “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışında deyib.
Onun sözlərinə görə, iri investorlar ehtiyac duyduqları xidmətləri tapmaq imkanına malik olsalar da, kiçik investorların tələblərini müəyyənləşdirən və onlara uyğun həllər təqdim edən xidmət sektorunun inkişafına ehtiyac var.
Müşavir Türkiyə şirkətlərini bölgələrdəki investisiya imkanlarını, xüsusilə enerji və kənd təsərrüfatı sahələrində mövcud ehtiyacları araşdırmağa çağırıb:
“Türkiyə və Azərbaycan arasında əməkdaşlığın növbəti mərhələsi yalnız ikitərəfli ticarətin genişləndirilməsi ilə məhdudlaşmamalı, tərəflərin birlikdə böyüməsini və digər bazarlarda da fəaliyyət göstərməsini hədəfləməlidir”.
G.Yavaş əlavə edib ki, Azərbaycan investisiyaların şaxələndirilməsi üçün əlverişli imkanlara malikdir:
”Xüsusilə kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və təmiz enerji sahələri yeni investisiyalar üçün perspektivli istiqamətlərdir.
Azərbaycanda kənd təsərrüfatına, o cümlədən rəqəmsal texnologiyalarla dəstəklənən layihələrə investisiya yatırmaq üçün imkanlar mövcuddur. Eyni zamanda, ölkənin təmiz enerjiyə keçid istiqamətində həyata keçirdiyi layihələr enerji sektorunda şaxələndirməni dəstəkləyir”.
O vurğulayıb ki, regiona yeni investisiyaların cəlb edilməsi ödəniş sistemləri və rəqəmsal xidmətlərə tələbatı da artıracaq.