LƏNKƏRAN, 13 oktyabr. TELEQRAF

Hadisədə xəsarət almış ana və övladının vəziyyəti açıqlanıb.

TƏBİB-dən Teleqraf-ın Cənub bürpsuna bildirilib ki, 13 okstyabr 2026-cı il tarixində saat 08:10 radələrində 2 nəfər (qadın və kişi cinsli azyaşlı) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qarın boşluğu, döş qəfəsinin çoxsaylı kəsilmiş, deşilmiş yaraları, hipovolemik şok diaqnozları təyin olunub.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib.

2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxs əməliyyat blokuna alınıb, əməliyyatı davam edir.

***

11:06

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, “Müəllimlər Binası” kimi tanınan yaşayış binasında baş verib.

34 yaşlı Allahşükür Ağazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü azyaşlı H.A. qorxaraq anasının qucağına sığınıb. Atanın qadına endirdiyi zərbələrdən üçü uşağa dəyib.

Ağır xəsarətlər alan ana və övladı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Rəvanə Ağazadə isə əməliyyat blokuna alınıb. Son məlumata görə, onun əməliyyatı davam edir.

Hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ailə əslən Lənkəran rayonunun Xanbulan kəndindəndir. Onlar hadisənin baş verdiyi ünvanda kirayədə yaşayırlar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.