BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycanda və region ölkələrində fintex şirkətlərinin məhsullarını müxtəlif bazarlarda sınaqdan keçirməsinə imkan verəcək xüsusi tənzimləmə rejimlərinin hazırlanması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışında deyib.
O bildirib ki, Mərkəzi Bank Türkiyə, Özbəkistan, Qazaxıstan və regionun digər ölkələrinin mərkəzi bankları ilə sıx əməkdaşlıq edir:
“Yaxın zamanda xüsusi tənzimləmə rejimlərinin hazırlanması istiqamətində işlərin görülməsi planlaşdırılır.
Bu da imkan yaradacaq ki, fintexlər öz məhsullarını fərqli bazarlarda sınaqdan keçirə bilsinlər”, - deyə o qeyd edib.
V.Xəlilov açıq bankçılıq əsaslı məhsulların yaradılmasının fintexlər üçün geniş imkanlar açdığını vurğulayıb:
“Bu sahədə inkişaf təkcə Azərbaycanda deyil, digər türk dövlətlərində də müşahidə olunur. Bu isə fintex şirkətlərinə bir ölkədə hazırladıqları məhsulları digər bazarlarda da tətbiq etmək imkanı yarada bilər”.
O, həmçinin Azərbaycanda ani ödənişlər sisteminin inkişaf etdiyini bildirib:
“Hazırda sistem vasitəsilə gündəlik təxminən 1 milyon əməliyyat həyata keçirilir. Mərkəzi Bank ani ödənişlər sisteminin həm region ölkələri, həm də digər dövlətlərin sistemləri ilə inteqrasiyasında maraqlıdır.
Türkiyə Mərkəzi Bankı ilə bu istiqamətdə də əməkdaşlıq aparılır. Ölkələrarası ödənişlərin xərclərinin azaldılmasında fintex şirkətləri mühüm rol oynaya bilər”.
Vüsal Xəlilov çıxışında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələlərinə də toxunub:
“Maliyyə sektorunun rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi istiqamətində təhlillər aparılır. Bu sahədə banklardan sonra fintex sektoru yüksək göstəricilərə malikdir. Fintexlərin əsas üstünlükləri isə çeviklik və yeni məhsulları daha sürətlə bazara çıxarmaq imkanlarıdır.
Bununla yanaşı, rəqəmsallaşmanın genişlənməsi kibertəhlükəsizlik risklərini də artırır. Bu baxımdan Mərkəzi Bank məlumat və kibertəhlükəsizlik qaydalarını tətbiq edib, İT idarəetməsi üzrə tövsiyələr hazırlayıb. Növbəti mərhələdə İT idarəetməsi ilə bağlı tələblərin qaydalar şəklində müəyyənləşdirilməsi həyata keçiriləcək".