KƏLBƏCƏR, 9 oktyabr. TELEQRAF
Xudavəng monastır kompleksinə səfər edən beynəlxalq səyyahlara abidənin tarixi, işğal dövründə ona vurulmuş ziyan və mədəni irs nümunələrinin geri qaytarılması istiqamətində görülən hüquqi tədbirlər barədə məlumat verilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.
VI–VII əsrlərdə əsası qoyulan monastır Alban Xaçın knyazlığının dini mərkəzi olub. Kompleksin əsas məbədi 1214-cü ildə Arzu xatun tərəfindən inşa etdirilib.
Səyyahlara bildirilib ki, 1997–2011-ci illərdə işğal dövründə Erməni Apostol Kilsəsinin nəzarəti altında monastırda “bərpa” adı ilə tarixi irsin saxtalaşdırılması istiqamətində işlər aparılıb. Freskaların, xaçdaşların və kitabələrin dağıdıldığı, talan edildiyi, Kəlbəcər işğaldan azad edilərkən isə kompleksə məxsus xaçların, zənglərin və digər elementlərin Ermənistana aparıldığı qeyd olunub.
Bundan başqa, monastırda qalan erməni keşişlərinin freskaları divarlardan kəsərək apardıqları bildirilib. Xudavəngə aid freskaların sonradan İtaliyada keçirilən sərgidə erməni incəsənəti nümunələri kimi təqdim olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, mədəni irsə qarşı bu əməllər 1954-cü il Haaqa Konvensiyasının, onun 1999-cu il İkinci Protokolunun və UNESCO-nun 1970-ci il Konvensiyasının müddəalarına ziddir. Silahlı münaqişə zamanı mədəni irsə qarşı bu cür əməllərin beynəlxalq cinayət hüququ çərçivəsində hərbi cinayət kimi qiymətləndirilə biləcəyi vurğulanıb.
Artefaktların geri qaytarılması istiqamətində görülən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, 2024-cü il noyabrın 7-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna müraciət edilib. Müraciətdə artefaktların İnterpolun “Oğurlanmış incəsənət əsərləri bazası”na daxil edilməsi, onların yerinin və saxlayan şəxslərin müəyyənləşdirilməsi, eləcə də Azərbaycana qaytarılmasına köməklik göstərilməsi xahiş olunub.
Həmin bazada Arzu xatun kilsəsinin divarlarından iki freskanın və monastıra aid xaçdaşların çıxarılaraq aparılması barədə məlumatın əks olunduğu bildirilib.