LAÇIN 6 oktyabr. TELEQRAF

Laçın rayonunda “Ağoğlan” monastırını ziyarət edən Alban-Udi Xristian dini icmasının nümayəndələri burada dualar edib, şəhidlərin xatirəsini yad ediblər.

Teleqraf-ın Qarabağ bürosuna açıqmasında dini icmanın sədr müavini Rafik Danakari bildirib ki, Laçın işğaldan azad edildikdən sonra “Ağoğlan” monastırına ilk dəfə 2021-ci ilin fevralında gəliblər.

Onun sözlərinə görə, həmin vaxt monastırda şamlar yandırıb, dualar oxuyub, şəhidlərin ruhunu yad ediblər.

“Biz Allaha dua etdik ki, Azərbaycan torpaqlarında bir daha müharibə baş verməsin, bu yerlərdə hər zaman sülh və əmin-amanlıq olsun. Azərbaycan xalqı həmişə sülhsevərliyi, tolerantlığı və qonaqpərvərliyi ilə seçilib”, – deyə R.Danakari bildirib.

İcma rəsmisi qeyd edib ki, Azərbaycan ərazisində yerləşən dini abidələr xalqın tarixi-mədəni irsinin ayrılmaz hissəsidir:
“Bizim heç kimin torpağında gözümüz yoxdur. İstəyirik ki, torpaqlarımıza da heç kim göz dikməsin. Azərbaycan torpaqları müqəddəs torpaqlardır. Buradakı monastırlar, kilsələr və məscidlər Azərbaycan xalqının irsi və mədəniyyətidir”.

R.Danakari “Ağoğlan” monastırına budəfəki ziyarətin də onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bu gün yenidən monastıra gəldik, şamlar yandırdıq, dualar etdik. Bu, bizim üçün böyük qürurdur”.