ASTARA, 9 oktyabr. TELEQRAF
Astaranın kivi bağlarında məhsul bol olsa da, fermerlər satış problemi ilə üzləşiblər.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, fermerlərin sözlərinə görə, yayın sonlarında məhsulun bir hissəsini yerli və xarici bazarlara çıxarmaq mümkün olsa da, sonradan satışda durğunluq yaranıb.
Onlar bildirirlər ki, məhsulla maraqlanan alıcılar azdır, təklif olunan qiymətlər isə bəzən maya dəyərindən də aşağı olur. Fermerlərin narahatlığına görə, dekabr ayına qədər ağaclardan yığılmayan kivilər yararsız hala düşə, təsərrüfat sahibləri mövsümü zərərlə başa vura bilərlər.
Fermerlər yerli məhsulun satış imkanlarının genişləndirilməsini və ixracının təşviqini vacib hesab edirlər.
