BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycanda maliyyə texnologiyaları (fintex) sahəsinin fəaliyyət dairəsinin genişləndirilməsi və xidmət çeşidlərinin artırılması məqsədilə yeni qanunun hazırlanması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışında deyib.
O qeyd edib ki, Azərbaycanın maliyyə sisteminin, xüsusilə fintex sektorunun inkişafı üç əsas istiqamət üzrə həyata keçirilir:
“Bunlar qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsallaşma və süni intellektin tətbiqi, eləcə də Mərkəzi Bank tərəfindən sektorun inkişafı üçün texniki həllərin yaradılmasıdır.
Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq assosiasiyalarla, o cümlədən Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə sıx əməkdaşlıq edilir. Bu çərçivədə sektor iştirakçılarından daxil olan praktiki rəylər nəzərə alınır.
Mərkəzi Bankın hazırladığı məhsul və sistemlər banklar və fintex şirkətləri ilə rəqabət aparmaq üçün deyil, sektorun inkişafına dəstək vermək və mövcud problemləri həll etmək məqsədi daşıyır”.
V.Xəlilov vurğulayıb ki, fintex sektorunun inkişafını dəstəkləmək üçün yeni qanunun yaxın vaxtlarda təqdim edilməsi planlaşdırılır:
“Bununla yanaşı, qaydalara bir sıra dəyişikliklərin edilməsi gözlənilir. Dəyişikliklər Azərbaycanda fəaliyyət göstərən fintex şirkətlərinin əhatə dairəsinin genişləndirilməsinə və təqdim etdikləri xidmətlərin çeşidinin artırılmasına imkan verəcək”.