AĞDAM, 8 oktyabr. TELEQRAF

Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdam şəhərinə səfəri başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi, 13 ölkəni təmsil edən beynəlxalq səyyahlar Ağdam şəhəri ilə tanış olublar.

Səyyahlar Ağdam Cümə Məscidini ziyarət etdikdən sonra şəhərdə yenidən bərpa olunan İmarət abidə kompleksinə baş çəkiblər. Qonaqlara kompleksin tarixi, eləcə də burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bununla da beynəlxalq səyyahların Ağdam şəhərinə bugünkü səfəri başa çatıb.
Qeyd edək ki, səyyahların sabah Kəlbəcər və Ağdərə rayonlarına səfər etmələri planlaşdırılır.

***
17:21

Beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Ağdam şəhərinə gəliblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, MTP (Most Traveled People) klubunun təsisçisi Çarles Veleyin rəhbərlik etdiyi beynəlxalq səyahətçilərdən ibarət heyət Xocavənd və Şuşadan sonra Ağdama səfər edib.

Səyahətçilər Ağdamda ilk olaraq şəhərin tarixi-memarlıq abidələrindən olan Ağdam Cümə məscidini ziyarət ediblər. Məscidin imamı Mehman Nəsirov heyət üzvlərinə məscidin işğal dövründə dağıntılara məruz qalması, binadan tövlə kimi istifadə olunması və burada mal-qara saxlanılması barədə məlumat verib.

Səfər çərçivəsində heyətin Ağdamda bir sıra tarixi və mədəni məkanları da ziyarət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, builki səfərdə 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan təxminən 40 səyahətçi iştirak edir.

Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi sayca 17-ci səfərdir.