BAKI, 13 oktyabr. TELEQRAF
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Sultan Qasımovun vəkili iştirak etməyib.
Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin prosesdə iştirak etmədiyini əsas gətirərək iclasın təxirə salınmasını təklif edib.
Tərəflər buna etiraz etməyib.
Növbəti məhkəmə prosesi oktyabrın 27-nə təyin olunub.
İttihama görə, sabiq Baş konsul Sultan Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib.
Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.