BAKI, 13 oktyabr. TELEQRAF
Türk dövlətləri arasında ani ödəniş sistemlərinin inteqrasiyası, fintek şirkətlərinin lisenziyalarının qarşılıqlı tanınması və ortaq texniki standartların tətbiqi təklif olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışında deyib.
O qeyd edib ki, Türk dünyasında fintek sektorunun inkişafı üçün əməkdaşlıq yalnız konfranslar və qarşılıqlı səfərlərlə məhdudlaşmamalı, konkret texniki inteqrasiya və birgə layihələrlə davam etdirilməlidir:
“Bu istiqamətdə beş əsas sahədə əməkdaşlıq mümkündür. Bunlara ani ödəniş sistemləri və QR infrastrukturunun qarşılıqlı işləməsi, ortaq texniki standartların və API yanaşmalarının tətbiqi, lisenziyaların qarşılıqlı tanınması, çirkli pulların yuyulmasına qarşı mübarizə və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də ortaq tənzimləyici sınaq rejimləri və regional pilot layihələr daxildir.
Məqsəd müxtəlif ölkələrin milli maliyyə sistemlərini əvəzləmək deyil, onların bir-biri ilə daha rahat işləməsini təmin etməkdir. Bu halda Azərbaycanda fəaliyyət göstərən fintek şirkəti Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan bazarlarına çıxarkən hər dəfə sıfırdan başlamayacaq.
Ortaq standartlar, uyğunlaşdırılmış ödəniş infrastrukturu və tənzimləyici tələblərin yaxınlaşdırılması sərhədlərarası əməliyyatların xərclərini azalda və regional iqtisadi inteqrasiyanı gücləndirə bilər.
Yeni modellərin bütün ölkələrdə eyni vaxtda tətbiqinə çalışmaq əvəzinə, iki və ya üç ölkənin iştirakı ilə pilot layihələrə başlamaq və uğurlu təcrübələri sonradan genişləndirmək daha səmərəli olar”.