BAKI, 13 oktyabr. TELEQRAF

Qazaxıstanda yeni neft yataqlarının geoloji kəşfiyyatı üçün ABŞ-nin “Chevron”, Böyük Britaniyanın “Shell”, eləcə də Çinin “Sinopec” və “China National Offshore Oil Corporation” (CNOOC) şirkətlərinin iştirakı ilə yeni konsorsiumun yaradılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın “KazMunayQaz” Dövlət Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Kurmanqazı İskaziyev məlumat verib.

“Qərb şirkətləri “Chevron” və “Shell”, eləcə də iki Çinin “Sinopec” və CNOOC şirkətləri iştirak etmək istədiklərini bildiriblər. Biz yalnız seysmik tədqiqatların aparılmasını deyil, həm də sonrakı mərhələdə kəşfiyyat quyularının qazılmasını nəzərdən keçiririk. Nazirliklərlə 23 layihə üzrə danışıqlar aparılır, bunlar ayrıca investisiyalardır. Qazma işlərinə kapital qoyuluşu daha çox olacaq, konsorsium çərçivəsində isə bu məbləğ təxminən 500 milyon dollar təşkil edəcək”, - İskaziyev bildirib.

O qeyd edib ki, yeni konsorsium çərçivəsində dərinliyi 5,5-10 kilometr arasında dəyişən quyuların qazılması nəzərdən keçirilir. İndiyədək iri neft yataqlarında qazılmış quyuların maksimal dərinliyi 5,5 kilometrə çatır.

Konsorsiumun cari ilin sonunadək yaradılması gözlənilir.

Adları çəkilən şirkətlərin hamısı artıq Qazaxıstanda fəaliyyət göstərir və ölkənin iri neft yataqlarının işlənməsi üzrə digər konsorsiumlarda yer alırlar.

Qazaxıstanda karbohidrogen ehtiyatlarına malik 350-dən çox yataq var. Hazırda işlənilən neft yataqlarının əksəriyyəti yetkin mərhələdədir: bir qismi hasilatın pik həddinə çatıb, digərlərində isə hasilatın azalması müşahidə olunur. Hasilatın qorunub saxlanılması və artırılması məqsədilə Qazaxıstan hökuməti geoloji kəşfiyyat işlərinin genişləndirilməsini planlaşdırır.