BAKI, 13 oktyabr. TELEQRAF

İran ABŞ-nin mümkün yeni hücumlarının qarşısını almaq məqsədilə region ölkələrinə müharibənin genişlənəcəyi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşr yazıb ki, Tehran qonşu ölkələrin ərazisində quru əməliyyatları keçirə, Səudiyyə Ərəbistanının neft obyektlərini hədəfə ala və Yaxın Şərqdə ABŞ hərbi gəmilərini batıra biləcəyi ilə bağlı təhdidlər səsləndirib: “ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra yeni hücumlar barədə əmr verə biləcəyini ehtimal edən İran müdafiə istehkamlarını gücləndirir, raket və dron potensialını bərpa edir, həmçinin döyüş əməliyyatlarının yenidən başlamasına hazırlaşır”.

Tehran rəsmiləri ABŞ-ni mümkün hücumdan çəkindirmək üçün İran ordusunun qonşu ölkələrdə quru əməliyyatları keçirə biləcəyinə eyham vurublar. Məlumatlı mənbələrin sözlərinə görə, Tehran ərəb ölkələrinin rəsmilərinə ayrıca xəbərdarlıqlar edərək müharibənin yenidən başlanacağı təqdirdə regiondakı obyektlərin, o cümlədən Səudiyyə Ərəbistanının neft infrastrukturunun hədəfə alına biləcəyini qeyd edib.

Nəşr əlavə edib ki, İran vasitəçilərə də ABŞ-nin hücumları yenidən başlayacağı təqdirdə Amerika qüvvələrinə daha sərt zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, bu təhdidlərə Yaxın Şərqdə ABŞ hərbi gəmilərini batırmaq və heyət üzvlərini öldürmək cəhdləri də daxildir.