BAKI, 13 oktyabr. TELEQRAF

Xurafat və cəhalətlə mübarizəyə, ilk növbədə, maarifçilik, milli kimlik və dövlətçilik kontekstində yanaşmaq lazımdır.

Bunu Teleqraf-a açıqlamasında Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev deyib.

O bildirib ki, əsas məsələ dini inanclarla qarşıdurma yaratmaq deyil, dini dəyərlərlə xurafatı, mənəviyyatla cəhaləti bir-birindən fərqləndirməyi bacarmaqdır.

"Dünyəvi dövlət prinsiplərinə, vicdan azadlığına və qanunun aliliyinə hörmət cəmiyyət həyatının əsas meyarları olmalıdır. Məktəb mühitində vahid geyim qaydası da bu ümumi yanaşmanın tərkib hissəsi kimi, bərabərliyi, dünyəvi təhsil mühitini və ümumi qaydalara hörməti ifadə edir", - dosent vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə dini, ideoloji, etnik və mədəni məsələlər kimi həssas mövzularda ayıq-sayıq olmaq, məsuliyyətli mövqe nümayiş etdirmək vacibdir:

"Belə məsələlərə münasibətdə cəmiyyətdə qarşıdurma və parçalanma yarada biləcək kənar təsirlərə qarşı milli birlik, həmrəylik və bərabərlik prinsipləri əsasında mövqe ortaya qoyulmalıdır. Milli-mənəvi dəyərlərimizi qorumağın yolu onları cəhalətin deyil, biliyin, şüurlu seçimin və müasir dünyagörüşünün əsasında yaşatmaqdan keçir".

H. Quliyev bəzi tarixi məqamları da vurğulayıb:

"Azərbaycanın müasir dövlətçilik düşüncəsinin ideoloji əsasları XIX əsrdə formalaşmağa başlayan maarifçilik ənənələrinə, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin quruculuq ideallarına və Bakı Dövlət Universitetinin yaradılması ilə təcəssüm edən dünyəvi təhsil modelinə söykənir. Bu tarixi ənənənin mahiyyətində insanın azad düşüncəsi, dünyəvilik, hüquq bərabərliyi və tərəqqi dayanır".