MASALLI, 22 aprel. TELEQRAF
Masallı rayonunda tapılan qədim dini kitab və əlyazmaların XVIII əsrə aid olduğu və dövrünün tanınmış alimi Şeyx Cəlal Lənkəraniyə məxsus olduğu müəyyən edilib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, əlyazmalar və kitablar Məmmədoba-Tuado yolunun sol tərəfində axan Çaykəş çayında aşkarlanıb. Məlum olub ki, bu qiymətli dini irs ailə münaqişəsi zəminində yandırılmaq istənilib. Lakin kitabların yanmadığını görən şəxslər onları çaya atıblar.
Şeyx Cəlal Lənkərani 1885-ci ildə Masallı rayonunun Kolatan kəndində anadan olub. O, 1900-1920-ci illər arasında Tehranda və Nəcəfi-əşrəfdə üsul, fiqh və fəlsəfə sahəsində ali dini təhsil alıb. Eyni zamanda riyaziyyat, astronomiya və həndəsə sahələrində də dərin biliklərə malik olub.
1920-ci illərin ortalarında doğma kəndinə qayıdan Şeyx Cəlal burada Quran qiraəti, əhkam və islam maarifi sahəsində dərslər təşkil edib. Lakin sovet dövrünün təzyiqləri nəticəsində 1928-ci ildə Biləsuvar rayonuna köçmək məcburiyyətində qalıb və orada dini fəaliyyətinə görə həbs olunaraq on il müddətinə azadlıqdan məhrum edilib. 1938-ci ildə azad olunsa da, bir neçə ay sonra yenidən həbs edilərək Qazaxıstana sürgün edilib.
1948-ci ildə Azərbaycana qayıdan alim 1957-ci ilə qədər Bakının Buzovna qəsəbəsində gizli şəkildə dini tədrislə məşğul olub. Daha sonra Kolatan kəndinə qayıdan Şeyx Cəlal 1961-ci ilin mart ayında vəfat edib və kənd qəbiristanlığında dəfn olunub.
Hazırda tapılan kitab və əlyazmalardan bir qismi Masallı Rayon Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib. Digər əlyazmaların da yaxın günlərdə muzeyə təhvil verilməsi nəzərdə tutulur.