BAKI, 23 sentyabr. TELEQRAF

"Dörd il azadlıqdan məhrum edilmişdim, bir il bir ay cəzamın çəkilməmiş hissəsindən azad olundum".

Teleqraf-ın xəbərinə görə, bunu bu gün Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən keçmiş məhkum Hikmət Bayramov deyib.

O bildirib ki, əfv xəbərini gözlənilmədən alıb: "Prezident İlham Əliyevin təşəkkür edirəm, mənə bu sevinci yaşatdı. Hamının səhvi olur, mən də səhv etmişdim, cənab Prezident bağışladı. Bir daha səhv etməyəcəm".

Digər əfv olunan məhkum İlqar Süleymanzadə bildirib ki, cəzasından çəkilməmiş 1 il qalıbmış. O, ölkə başçısına təşəkkür edib və azadlığa buraxılmasını ailə üzvlərinə surpriz edəcəyini deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub.

Sərəncama əsasən, əfv olunanlar arasında 5 əcnəbi də var. Onlardan 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya, 1-i Pakistan vətəndaşıdır.

Əfv sərəncamı ilə on dörd Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azad edilib.

Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.