BAKI, 23 sentyabr. TELEQRAF

"Azərbaycanın iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan əsas məqsədlərdən biri ölkənin təbii və iqtisadi potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etməkdir. Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi fikirlər və müəyyənləşdirilən istiqamətlər Azərbaycanın sənaye siyasətində yeni mərhələnin əsas konturlarını müəyyənləşdirir".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı ilk növbədə ölkənin zəngin mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha fəal cəlb edilməsini nəzərdə tutur:

“Burada əsas məsələ yalnız filiz hasilatının artırılması deyil, hasil olunan xammalın ölkə daxilində emal olunması, daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bununla da bütöv sənaye zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamıdır. İndiyədək imzalanmış dövlət proqramları ölkənin müxtəlif sahələrində inkişafın sistemli xarakter almasına, regionların iqtisadi potensialının üzə çıxarılmasına, müasir infrastrukturun yaradılmasına və sənaye müəssisələrinin fəaliyyətinin genişlənməsinə mühüm imkanlar yaradıb. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkənin bütün bölgələrində iqtisadi fəallıq üçün yeni şərait formalaşıb. Bu gün həmin infrastruktur bazası yeni sənaye layihələrinin reallaşdırılması üçün mühüm üstünlükdür. Enerji, nəqliyyat, logistika və kommunal infrastrukturların inkişafı, regionlarda sənaye zonalarının yaradılması, sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması dağ-mədən və metallurgiya sahəsində böyük layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır”.

Deputat bildirib ki, bu gün Azərbaycanın qarşısında tamamilə yeni imkanlar açılıb: “Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, həmin ərazilərin iqtisadi potensialının öyrənilməsi və dövriyyəyə cəlb olunması da həyata keçirilir. Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıdışını deyil, həm də həmin ərazilərin iqtisadi həyatının yenidən canlandırılmasını nəzərdə tutur. Bu baxımdan geoloji kəşfiyyat işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir texnologiyalar əsasında ölkənin müxtəlif bölgələrində mineral ehtiyatların yenidən öyrənilməsi, yeni yataqların aşkar edilməsi və mövcud yataqların potensialının dəqiqləşdirilməsi gələcək sənaye siyasətinin mühüm istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, digər regionların, o cümlədən Naxçıvanın mineral-xammal imkanlarının araşdırılması da bu baxımdan diqqət çəkir. Daşkəsən istiqamətində həyata keçirilən layihələr də bu siyasətin mühüm tərkib hissəsidir. Dəmir filizinin hasilatı və zənginləşdirilməsi ilə yanaşı, metallurgiya məhsullarının istehsalına qədər uzanan sənaye zəncirinin yaradılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu prosesin Qərb Sənaye Parkının fəaliyyəti ilə əlaqələndirilməsi isə regionda yeni sənaye klasterinin formalaşmasına imkan verir. Qərb Sənaye Parkının yaradılması regionların sənayeləşdirilməsi siyasətinin yeni mərhələsini əks etdirir”.

Parlamentari onu da vurğulayıb ki, Prezident İlham Əliyevin müşavirədə xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ekoloji tələblərə ciddi əməl olunmasıdır:

“Dağ-mədən sənayesinin inkişafı təbii ehtiyatlardan istifadə ilə bağlı olduğundan iqtisadi səmərəlilik və ekoloji təhlükəsizlik paralel şəkildə təmin edilməlidir. Müasir texnologiyaların tətbiqi, ekoloji ekspertizanın gücləndirilməsi və təbiətin qorunması yeni layihələrin əsas prinsiplərindən olmalıdır. Beləliklə, Dövlət Proqramı Azərbaycanın mineral sərvətlərinin ölkənin gələcək iqtisadi inkişafına daha geniş şəkildə xidmət etməsi üçün mühüm yol xəritəsidir. Qarşıda duran vəzifə yeraltı sərvətləri sadəcə hasil etmək deyil, onları müasir sənaye, texnologiya, insan kapitalı və infrastruktur imkanları ilə birləşdirərək yüksək əlavə dəyər yaradan məhsullara çevirməkdir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız ayrı-ayrı yataqların istismarı və müəssisələrin yaradılması məsələsi deyil. Bu, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, regionların sənayeləşdirilməsi, yeni istehsal zəncirlərinin qurulması və Azərbaycanın iqtisadi potensialının daha səmərəli reallaşdırılması istiqamətində ardıcıl dövlət siyasətinin növbəti mühüm mərhələsidir”.