GƏNCƏ, 6 iyun. TELEQRAF

Qurban bayramı ərəfəsində Gəncə və ətraf bölgələrdə qurbanlıq heyvanların satışına maraq əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, adətən alıcıların ən çox üz tutduğu məkan – Gəncə şəhəri ilə Göygöl rayonunu birləşdirən və “mal bazarı” kimi tanınan ərazidə bu il sakitlik müşahidə olunur.

Burada əsasən xırdabuynuzlu heyvanların satışı həyata keçirilir.

Satıcılar tək-tük alıcı görsələr də, onlar da qiymətlərin yüksəkliyindən şikayətçidirlər. Alıcılardan biri, Cumalı Musayev bildirir:

"Qiymətlər çox bahadır. Sanki fürsətdən istifadə edirlər. Kiloqram hesabı ilə baxsaq, 25-27, bəzən 30 manata başa gəlir."

Hazırda bazarda qurbanlıqların qiyməti heyvanın çəkisinə görə 300-650 manat arasında dəyişir. Alıcılar müqəddəs bayram günündə süni qiymət artımının müşahidə olunduğunu və bunun satışa mənfi təsir etdiyini deyirlər.

Qısası, qiymətlər artıb, amma alıcı demək olar ki, yoxdur.