BAKI, 20 oktyabr. TELEQRAF
Oktyabrın 20-də Mərkəzi Asiya və Azərbaycan Qadın Liderlərinin Dialoqu çərçivəsində “Mərkəzi Asiya və Azərbaycanda qadın sahibkarlığı: iqtisadi inteqrasiya, yeni imkanlar və davamlı regional əməkdaşlıq” mövzusunda onlayn biznes-forum keçirilib.
Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Forumda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadınların iqtisadi fəaliyyətə cəlb olunmasının inklüziv və davamlı inkişaf üçün əhəmiyyətini vurğulayıb, qadın sahibkarlığının yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini bildirib. Komitə sədri Azərbaycanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, qadınların maliyyə resurslarına çıxışının asanlaşdırılması, təlim və mentorluq proqramlarının həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qadın sahibkarlığı sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Biznes-forumda “İdeyadan qlobal bazara: qadın sahibkarlığının yeni imkanları” və “Qadın sahibkarların əməkdaşlığı: birgə layihələr və dayanıqlı iqtisadi tərəfdaşlıq” mövzularında sessiyalar keçirilib. Sessiyalarda qadın sahibkarların beynəlxalq bazarlara çıxışı, birgə biznes layihələrinin həyata keçirilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsinin sədri Orziqul Kozixonova, Qazaxıstan Qurultayının İqtisadi siyasət, sahibkarlıq və energetika komitəsinin sədri Natalya Qodunova, Qırğızıstan Joqorku Keneşinin deputatı Mavlyuda Kalberdiyeva, Tacikistan Ali Məclisi Milli Məclisinin üzvü Ruxşona Vosifconzoda və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətinin üzvü Ayna Durdılıyeva, sahibkarlar və digər rəsmi şəxslər çıxış ediblər.