BAKI, 20 oktyabr. TELEQRAF

“Türk Dövlətləri Təşkilatının oktyabrın 29-30-da ölkəmizin ev sahibliyi ilə keçiriləcək 13-cü zirvə toplantısı ilə türk dünyasının ürəyi Ankarada döyünəcək”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Türk Dövlətləri Təşkilatı regionumuzda və qlobal səviyyədə sülh, əmin-amanlıq və ədalət üçün zəmin yaradacaq mühüm aktordur. Formalaşacaq “Türk qurşağı” türk dövlətləri və xalqları arasında dialoq və əməkdaşlıq əlaqələrini gücləndirərək “Türk və Türkiyə Əsri”ni əhatə edəcək. Müstəqillik və suverenlik çərçivəsində fürsət və imkanlardan yararlanmaqla türk dövlətləri dövrümüzün qüdrətli aktorlarına çevriləcəklər.

Türk Dövlətləri Təşkilatının oktyabrın 29-30-da ölkəmizin ev sahibliyi ilə keçiriləcək 13-cü zirvə toplantısı ilə türk dünyasının ürəyi Ankarada döyünəcək. Cümhuriyyətimizin 103-cü ildönümünü bütün türk dünyası olaraq birlikdə qeyd edəcək, bununla da birliyimizi və həmrəyliyimizi dosta da, düşmənə də bir daha bəyan edəcəyik”, - MHP lideri vurğulayıb.