BAKI, 20 oktyabr. TELEQRAF

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldu milli komandanın düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı iş üzrə cəzasının yüngülləşdirilməsini istəyib.

Teleqraf “Record”-a istinadən xəbər verir ki, buna səbəb Portuqaliya Futbol Federasiyasının 41 yaşlı hücumçunu 30 gün müddətinə diskvalifikasiya etməsi və 255 avro məbləğində cərimələməsidir.

İntizam araşdırması zamanı Ronaldu futboldakı xidmətlərinin, idman nailiyyətlərinin və mükafatlarının yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib. O, həmçinin hadisənin əsl mahiyyətinin üzə çıxarılmasına həlledici töhfə verdiyini bildirib.

Portuqaliyalı hücumçu ilk iki arqumentini karyerası, nailiyyətləri və fərdi mükafatları ilə əsaslandırıb. Onun Portuqaliya millisində keçirdiyi oyunların və vurduğu qolların sayına görə rekordları, yığma tarixinin ən gənc kapitanı olması, 2015-ci ildə əsrin ən yaxşı portuqaliyalı futbolçusu seçilməsi, beş “Qızıl top” və dörd “Qızıl buts” mükafatı, eləcə də dövlət təltifləri qeyd olunub.

Ronaldu oktyabrın 6-da yayımladığı bəyanatın da hadisənin təfərrüatlarının müəyyənləşdirilməsinə əhəmiyyətli kömək kimi qiymətləndirilməsini istəyib.

Portuqaliya Futbol Federasiyasının İntizam Şurası ilk iki arqumenti nəzərə alsa da, üçüncü arqumenti qəbul etməyib. Qurum hesab edib ki, futbolçunun həlledici köməyi olmadan da hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək mümkün idi.