BAKI, 20 oktyabr. TELEQRAF
İnzibati Xətalar Məcəlləsinin 613-cü maddəsinə təklif olunan dəyişikliklər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə tətbiq edilən tənbeh növlərinin yenilənməsini nəzərdə tutur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının bir gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə xidmət yerində olmamasına görə 200 manatdan 300 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər.
Pozuntunun bir il ərzində təkrar törədilməsi halında isə 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək inzibati həbs təklif olunur.
Beləliklə, layihə inzibati məsuliyyətin tətbiq dairəsini genişləndirməklə yanaşı, həbsə alternativ olaraq cərimə mexanizminin də müəyyənləşdirilməsini nəzərdə tutur. Təkliflər qanun layihəsi qəbul ediləcəyi halda qüvvəyə minəcək.