BAKI, 20 oktyabr. TELEQRAF

Hərbi xidmət əleyhinə inzibati xətalarla bağlı icraatın təkmilləşdirilməsi “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin əsas istiqamətlərindən biridir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə ilə səlahiyyətli qurumların qəbul etdiyi qərar və qərardadların, habelə protokolların surətlərinin hərbi prokurora göndərilməsi, prokurorun müəyyən qərarları 30 gün ərzində yoxlaması və tələb olunan materialların bir gün ərzində təqdim edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, hərbi prokurorun qanunsuz və ya əsassız hesab etdiyi qərarları ləğv etməsi və qanunvericilikdə nəzərdə tutulan digər prosessual addımları atması üçün hüquqi əsaslar müəyyənləşdirilir.

Təkliflərin ümumi məqsədi hərbi xidmət əleyhinə inzibati xətalar üzrə qərarların qanuniliyinə nəzarəti gücləndirməkdir.