BAKI, 20 oktyabr. TELEQRAF

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün müvəqqəti və ya ölkədə Avropa İttifaqına (Aİ) qoşulmaq məsələsi üzrə referendum keçirilənədək dayandırılması imkanını nəzərdən keçirmək hüququna malikdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında dərc olunan dörd dövlətin birgə hesabatında bildirilir.

“29 may 2014-cü il tarixli Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin tərəfləri olan Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Rusiya Federasiyası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də 23 may 1969-cu il tarixli Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Ermənistan Respublikasına münasibətdə 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin və birliyin hüququnu təşkil edən, onun çərçivəsində bağlanmış digər beynəlxalq müqavilələrin fəaliyyətinin müvəqqəti dayandırılması barədə birgə qərarın qəbul edilməsi məsələsini nəzərdən keçirmək hüququna malikdirlər. Bu qərar Ermənistan Respublikasında ölkənin AİB-də iştirakının saxlanılması və ya Aİ-yə qoşulması ilə bağlı referendum keçirilənədək qüvvədə qala bilər”, - hesabatda qeyd olunur.