BAKI, 22 aprel. TELEQRAF

"Niderland və Belçika parlamentlərinin Azərbaycan əleyhinə eyni gündə, eyni mərkəzdən idarə olunan düyməyə basılmış kimi qəbul etdikləri qətnamələr Niderland və Belçika diplomatiyasının "strateji korluq" və "siyasi riyakarlıq" mərhələsinə qədəm qoyması ilə gündəmə gəldi. Don Seder və Mişel de Maqda kimi deputatların təşəbbüsü ilə ortaya atılan bu sənədlər hüquqa və regionun reallıqlarına əsaslanmır. Aydındır ki, baş verənlər onların Cənubi Qafqazda boy göstərən sülh ümidlərinə qarşı törədilmiş məkrli addımdır".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, sözügedən qətnamələrin Bakı və İrəvan arasında vasitəçisiz, birbaşa dialoqun və sərhəd delimitasiyasının başladığı bir vaxta təsadüf etməsinin özü belə təsadüfi deyil:

"Avropanın bu iki paytaxtı sanki regionda sülhün bərqərar olmasından qorxur, çünki sabit Qafqaz onların münaqişə üzərindən qurduğu manipulyasiya imkanlarını sıfıra endirir. Bakıda həbsdə olan və illərlə terror fəaliyyəti ilə məşğul olmuş şəxsləri "hərbi əsir" kimi qələmə vermək beynəlxalq hüququn ali prinsiplərini erməni lobbisinin maraqlarına qurban verməkdir. Bu, açıq şəkildə separatizmə və terrora siyasi bəraət qazandırmaq, regionda revanşist qüvvələri yenidən alovlandırmaq cəhdidir".

O qeyd edib ki, ən dözülməz məqam isə bu dövlətlərin Azərbaycanın suverenliyinə və məhkəmə sisteminə "ədalət" dərsi keçmək iddiasıdır: "Tarixi qanla, müstəmləkəçiliklə və irqçiliklə yoğrulmuş Niderland və Belçikanın bu gün "humanizm" dərsi keçməyə mənəvi haqqı yoxdur. Belçika parlamenti Azərbaycana qarşı sənəd qəbul etməzdən əvvəl öz keçmişinə, Konqoda milyonlarla insanın amansızcasına qətl edilməsinə, insanları zooparklarda "eksponat" kimi nümayiş etdirdiyi utancverici tarixinə baxmalıdır. Eyni şəkildə, bu gün də Karib hövzəsindəki əraziləri neokolonializm prinsipləri ilə idarə edən, yerli xalqların hüquqlarını tapdalayan Niderlandın "öz müqəddəratını təyin etmə" manipulyasiyası sadəcə şizofreniyadır.

Qətnamələr göstərir ki, Qərbin müəyyən dairələri hələ də 19-cu əsrin "ağ adamın missiyası" təfəkküründən qurtula bilməyiblər. Onlar 30 il boyunca bir milyon azərbaycanlının didərgin düşməsinə, şəhərlərimizin viran qoyulmasına göz yumduqları halda, bu gün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Rəsmi Brüssel və Haaqa anlamalıdır ki, Azərbaycan nəinki onların heç kəsin diktəsi ilə hərəkət edən dövlət deyil. Həmin kağız parçaları Azərbaycanın öz tarixi torpaqlarında bərpa etdiyi ədaləti və suverenliyi heç vaxt geri döndərə bilməz. Bu təxribat sadəcə müəlliflərinin diplomatik acizliyini və müstəmləkəçi zehniyyətini ortaya qoyur".