BAKI, 11 oktyabr. TELEQRAF

Ukraynanın Zaporojye şəhərində Rusiya Silahlı Qüvvələrinin yaşayış binasına endirdiyi aviazərbə yerində axtarış-xilasetmə işləri başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 4-ü uşaq olmaqla ümumilikdə 20 nəfər həlak olub. Rusiya aviasiyasının idarəolunan bombası üçmərtəbəli yaşayış binasının bir blokunu dağıdıb, ətrafdakı tikililərə və fərdi evlərə ziyan dəyib. Xilasedicilər dağıntılar altından təxminən 320 ton tikinti qalıqlarını təmizləyiblər.

Qeyd edək ki, Zaporojye şəhərində oktyabrın 10-da Rusiyanın endirdiyi aviazərbə nəticəsində 20 nəfər həlak olub, 32 nəfər yaralanıb. Şəhərdə həlak olanların xatirəsinə oktyabrın 11-i matəm günü elan edilib.