BAKI, 22 aprel. TELEQRAF

Maliyyə icarəsi ilə bağlı subicarə və geriyə maliyyə icarəsi mexanizmləri tənzimlənib.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində yer alıb.

Belə ki, subicarə çərçivəsində icarəçi icarəyə verənin razılığı ilə icarə obyektini digər şəxsə icarəyə verə biləcək, geriyə maliyyə icarəsində isə icarəçi öz mülkiyyətində olan əmlakı icarəyə verənin mülkiyyətinə verib həmin obyekti icarəyə götürəcəkdir.

Habelə, qanun layihəsində icarəyə verənlər tərəfindən kredit tarixçəsini təşkil edən məlumatları fəaliyyətdə olan ən azı bir kredit bürosuna verilməsi tələbinin təsbit olunması maliyyə bazarlarında informasiya asimmetriyasının aradan qaldırılması ilə borclanma səviyyəsinin düzgün qiymətləndirilməsinə və hər bir icarəçinin borc yükünün müəyyənləşdirilməsinə, habelə kredit bürosunun əhatəlilik dərəcəsinin yüksəldilməsinə və ölkəmizin beynəlxalq reytinqlərdə daha yüksək mövqe tutmasına xidmət edəcəkdir.

Layihəyə əsasən, icarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” qanunla tənzimlənəcək, habelə icarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) “Mühasibat uçotu haqqında” qanunun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir. Beləliklə icarəyə verənlərin maliyyə hesabatlığı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılacaq.