BAKI, 22 aprel. TELEQRAF

Yeni qanun layihəsində əsas məsələlərdən biri kimi, Mülki Məcəllə və Vergi Məcəlləsi arasında ziddiyyətli məqamlardan biri olan maliyyə icarəsi alan (icarəçi) şəxslərin dairəsi dəqiqləşdiriləcək.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində yer alıb.

Qanun layihəsinə əsasən, icarəçi kimi yalnız fərdi sahibkarlar və hüquqi şəxslər çıxış edə biləcəklər. Bu yanaşma maliyyə icarəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması xüsusiyyətinə, eləcə də Vergi Məcəlləsində təsbit edilmiş yanaşmaya uyğundur.

Bu qanun layihəsi ilə maliyyə icarəsi verənlərin fəaliyyətinin prudensial tənzimlənməsi və onların fəaliyyətinə nəzarətlə bağlı tənzimləmə çərçivəsi formalaşdırılır. Layihənin qəbul edilməsi ilə maliyyə bazarlarında tənzimləmənin xüsusiyyətləri nəzərə alınmaqla, maliyyə icarəsi fəaliyyəti ilə (maliyyə icarəsi verən qismində) yalnız hüquqi şəxslər məşğul ola biləcək və bunun üçün Mərkəzi Bank tərəfindən yaradılacaq maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmə əsas şərt hesab ediləcəkdir.

Bu məqsədlə bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər tələb edilən sənəd və məlumatları Mərkəzi Banka təqdim edəcəkdir.

Eyni zamanda “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklə maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir.

Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir.