BAKI, 21 aprel. TELEQRAF
"Hesablama Palatasının 2025-ci il üzrə illik Fəaliyyəti ilə bağlı qeyd etmək istədim ki, hesabat həmişə olduğu kimi ətraflı tərtib olunub. Sənəddə Palatanın fəaliyyəti, həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilib".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, dövlət satınalmalarında şəffaflığın artırılması, maliyyə və qiymət intizamının yüksəldilməsi, sifarişlərin real tələbata uyğun tərtib edilməsi, aparılmış əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsi, vəsaitlərin səmərəli və qənaətli istifadəsi ilə bağlı detallı təhlil aparılıb: "Biz görürük ki, ötən illər ərzində bu sahədə fəaliyyətin ardıcıl surətdə genişləndirilməsi, yeni metodoloji yanaşmalar və rəqəmsal texnologiyanın tətbiqi uğurlu sosial-iqtisadi inkişafın təmin edilməsi üçün etibarlı zəmin yaratmışdır”.
Komitə sədri bildirib ki, öz fəaliyyətində hesabatlılıq və şəffaflıq prinsiplərini əsas götürən Hesablama Palatasına beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilməsi də bir daha göstərir ki, bu ali audit orqanı öz vəzifəsinin öhdəsindən gəlir: "İldən- ilə fəaliyyətini daha da təkmilləşdirir. Mən fürsətdən istifadə edərək, Hesablama Palatasının sədrinə və əməkdaşlarına təşəkkür edirəm”.