BAKI, 21 aprel. TELEQRAF

"5 illik müddətdə əldə etdiyimiz nailiyyətlər və hədəflərlə yanaşı, tam nail ola bilmədiyimiz məqamlar və onların səbəbləri barədə də məlumat vermək istərdim. Əvvəlcədən diqqətinizə çatdırım ki, qeyd edəcəyim məsələlər Hesablama Palatasının yeni - “2026-2030-cu illər üzrə Strateji Plan”ında nəzərə alınıb".

Teleqraf xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2025-ci ildə fəaliyyəti haqqında Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu sahədə kadr potensialının məhdud olması informasiya sistemlərinin auditinin elementlərinin tətbiq olunduğu audit sayı ilə bağlı hədəfə 87% nail olmağımızla nəticələnib. Qeyd edim ki, hazırda bu istiqamətdə müvafiq dövlət orqanları ilə müzakirələr aparırıq və yeni Strateji Planımıza uyğun olaraq bəzi informasiya sistemlərinin ilk dəfə olaraq birgə və ayrıca auditini nəzərdə tuturuq.

Digər qurumların informasiya sistemlərinə inteqrasiyanın təmin edilməsi istiqamətində Hesablama Palatası tərəfindən müxtəlif təşəbbüslər irəli sürülmüş, lakin 2025-ci ilin sonuna kimi nəticə əldə olunmamışdır. Bildirmək istəyirəm ki, rəqəmsallaşmanın qlobal və ölkə miqyasında əhəmiyyətini nəzərə alaraq, cari ildə bu istiqamətdə əməli tədbirlər həyata keçirmiş, artıq 5-dən çox dövlət qurumunun informasiya sisteminin məlumatlarının Hesablama Palatasının informasiya sisteminə ötürülməsi ilə bağlı razılıq əldə edilmişdir.

Həmçinin Ortamüddətli Xərclər Çərçivəsinin islahatının davam etməsi fonunda bu istiqamətdə ayrıca auditlərin aparılmamasını qeyd etmək istərdim. Bu istiqamətdə islahatların yekunlaşmaması, eləcə də potensial audit obyektləri tərəfindən müvafiq islahatların tam mənimsənilməməsi bu hədəfə çatmağa mane olan amillərdəndir.

Səmərəlilik auditlərinin cəmi audit portfelində payının hədəf göstəriciyə çatdırılmayıb. Bu hədəf üzrə göstəriciyə 93% nail olsaq da, bu istiqamətdə təkmilləşdirilməli məqamların olduğu qənaətindəyik. Əksər məqamların kənar faktorların təsirinə məruz qaldığını bildirmək istərdim. Məsələn, auditin resurs tutumlu olması, auditlər üçün müvafiq əhatə dairəsinin formalaşmaması. yəni bu auditin tətbiq olunduğu performans büdcənin ölkəmizdə tam mənada reallaşdırılmaması bu məsələyə təsir göstərir".