BAKI, 21 aprel. TELEQRAF

"Azərbaycan öz ərazilərinin işğalına son qoymaqla Cənub Qafqaz regionunda yeni geosiyasi reallıqların əsasını yaratdı, regional siyasi gündəm faktiki olaraq məhz bu yeni status-kvo üzərindən müəyyənləşdirilir. Bu yeni siyasi reallığın ən ciddi nəticələrindən biri məhz odur ki, bu gün Ermənistan Baş naziri "Real Ermənistan" konsepsiyası, Azərbaycanla münasibətlərin normallaşdırılması və ümumilikdə sülh gündəliyi ilə parlament seçkilərinə gedir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, paralel olaraq, Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar və onun nəticələri, eləcə də Rusiya Ukrayna müharibəsi hazırkı beynəlxalq münasibətlər sistemində qüvvələr nisbətində ciddi transformasiyalardan xəbər verir: “Prezident İlham Əliyevin çoxşaxəli siyasi və diplomatik fəaliyyəti yalnız mövcud dəyişikliklərə uyğunlaşmaq deyil, həm də onları regionumuza münasibətdə formalaşdırmaq üzərində qurulub.
Belə ki, Prezident İlham Əliyevin sülh təşəbbüsləri post-münaqişə gündəliyinin əsasında dayanır, təhlükəsizliyin təmininə xidmət edir.
Regionda və onun sərhədini aşan daha böyük məkanda əməkdaşlıq formatlarını təşviqi edir. Prezidentin strateji baxışları çoxşaxəli diplomatiyada həm də regional güclərlə balanslı münasibətlərin təmin edilməsində özünü göstərir. Qlobal platformalarda aktiv iştirak həm Qərb, həm də Şərq istiqamətində paralel əməkdaşlığı genişləndirməyə imkan verir.

Bu yanaşma, ölkənin coğrafi mövqeyinin üstünlüklərindən düzgün istifadə, Azərbaycanın “çevik orta güc” modelini praktik müstəviyə çıxarır.
Azərbaycanın “Çevik orta güc” modelinin mahiyyətini belə xarakterizə etmək olar? Azərbaycan Hərbi bloklara qoşulmadan, öz ərazisində xarici hərbi bazalar yaratmadan, milli maraqlara əsaslanaraq, çoxşaxəli, balansaşdırılmış siyasət aparır, müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qurur”.

Deputat bildirib ki, bu isə dəyişən geosiyasi çağırışlara uyğun diplomatik manevr qabiliyyəti nümayiş etdirməyə imkan verir: "Bu model klassik orta güclərdən fərqli olaraq daha az resursla, amma daha çox strateji tərəfdaşlıqlar üzərindən təsir yaratmağa əsaslanır. Türkiyə və Pakistanla iki və üçtərəfli əməkdaşlıq formatları, C6 Mərkəzi Asiya dövlətləri Məşvərət Platformasında təmsilçilik Azərbaycana imkan verir ki, həm regionda təsirli aktor olsun, həm də daha geniş geosiyasi məkanlarda öz mövqeyini möhkəmləndirsin.

Elə cari ilin 1-ci rübündə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun praktik nəticəsidir.
Müvafiq olaraq vitse-prezident Cey Di Vensin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərləri və burada verilən birgə mesajlar uzunmüddətli əməkdaşlıq perspektivlərindən xəbər verir. Xüsusilə, Brüsselin infrastruktuur və nəqliyyat-loqistika təşəbbüsünə -“Qlobal Qapı” strategiyasına ölkəmizi daxil etməsi bunu təsdiqləyir.

Bu inkişaflar fonunda Belçika və Niderland parlamentlərinin qətnamələriini qətiyyətlə rədd edirəm. Müasir diplomatiyanın yeni modelinin təcəssümü olan Antalya Diplomatiya Forumunda Prezidentin iştirakı göstərdi ki, Azərbaycan üçün bu Antalya forumu diplomatik təsiri artıran mühüm platformadır, tərəfdaşlıqları gücləndirən, regional və qlobal səviyyədə mövqeləri uyğunlaşdıran və balanslaşdıran mexanizmdir.

Antalya Forumunun qlobal Şimal ilə Cənub arasında körpü rolunu nəzərə almaqla, Azərbaycan bu platformadan istifadə edərək yalnız proseslərdə iştirak etmir, eyni zamanda prezidentin strateji baxışlarına uyğun yeni diplomatik arxitekturanın formalaşmasında aktiv rol oynayır”.