BAKI, 17 aprel. TELEQRAF
"Ailə Məcəlləsinə dəyişikliklərin edilməsi zamanı nikaha girən zaman narkoloji müayinənin tələb olunması ilə bağlı məsələni müzakirə etmişik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deputat Göydəniz Qəhrəmanovun narkoloji müayinənin məcburi edilməsi barədə təklifinə münasibət bildirərkən deyib.
Musa Quliyev qeyd edib ki, bu məsələ müzakirə mövzusu kimi yaxşıdır: “Narkomaniya sosial məsələsidir. Amma vətəndaşın hüquq məsələsi olduğuna görə, bu məsələ ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Nikaha girən zaman irsi və yolxucu xəstəliklərin məcburi müayinəsi tələb olunur. Amma narkomaniya sosial məsələdir. Bu istiqamətdə maarifləndirmə işinə önəm verməlidir. Eyni zamanda nikaha girən zaman tərəflər bir birinə şifahi məlumat da verməlidir. Biz dünya təcrübəsini də öyrəndik. Dünya praktikasında narkomaniyaya görə məcburi müayinə tələb yoxdur. Hesab edirəm ki, biz məcburiyyətdən daha çox maarifləndirmə işinə önəm verməliyik”.