BAKI, 12 iyun. TELEQRAF

“Azərbaycanda 2024-cü ildən etibarən 20 xəbər saytında insan hüquqlarının qorunması ilə bağlı genişmiqyaslı monitorinqlər həyata keçirilib”.

Teleqraf xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə "Media və insan hüquqları" mövzusunda təşkil olunan məlumat sessiyasında deyib.

İnstitut sədri bildirib ki, ümumilikdə 17 min məqaləni əhatə edən monitorinq prosesi zamanı media resurslarında insan hüquqları, təqsirsizlik prezumpsiyası və uşaq hüquqları ilə bağlı qaydaların pozulması faktları aşkarlanıb. Onun sözlərinə görə, xəbər saytlarında bu qəbildən olan neqativ hallara hələ də rast gəlinir.

M.Quluzadə qeyd edib ki, bu istiqamətdə artıq dördüncü monitorinq hesabatı hazırlanıb: “Hesabatın nəticələri əvvəlki illərlə müqayisədə mediada müsbət dinamikanın müşahidə olunduğunu və insan hüquqlarına həssaslıq baxımından müəyyən irəliləyişlərin qeydə alındığını göstərir”.